cümə axşamı 8 yanvar 2026 - 19:19
Vəzifəli şəxslər düşünülmüş qərarlar və məqsədyönlü tədbirlər vasitəsilə əhalinin problemlərini aradan qaldırmalıdırlar

Həzrət Ayətullah Cavadi Amuli vurğuladı: Vəzifəli şəxslər düşünülmüş qərarlar və tam idarəetmə ilə xalqın problemlərini həll etməli, tədbirli davranaraq cəmiyyətdə korrupsiya və mənimsəmələrin qarşısını almalı və bu müqəddəs torpağı düzgün idarə etməlidirlər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Həzrət Ayətullah Cavadi Amulinin həftəlik əxlaq dərsi bu gün (çərşənbə) Qum şəhərinin böyük məscidində müxtəlif təbəqələrdən olan insanların iştirakı ilə keçirilib.

Həzrət Ayətullah Cavadi Amuli Nəhcül-Bəlağənin 191-ci hikməti əsasında dünyanın həqiqətini, insan bədəninin vəziyyətini və onun ölüm ilə əlaqəsini ətraflı izah edib. O, qeyd edib ki, İmam Əli (ə) nəzərindən insan dünyada həmişə zərər, sınaq və tədrici olaraq fiziki yaşlanmaya məruz qalır. İnsan həyatında elə bir gün yoxdur ki, insanın ömründən bir hissə azalmış olmasın. Addım-addım ölümə yaxınlaşırıq.

Həzrət Ayətullah Cavadi Amuli əxlaq dərsində vurğulayıb ki, İmam Əlinin (ə) sözlərini analiz edərkən mövzunu iki hissəyə ayırmaq lazımdır: Birincisi, cism və onun ehtiyac və istəkləri barədədir. Çünki bəzi insanlar bütün diqqətini maddi ləzzətlərə, cismin faydalarına və zahiri əlamətlərə yönəldirlər. Bu hissədə cismin həqiqəti və taleyi izah edilməlidir. İkincisi isə insanın əsasını təşkil edən əbədi və sonsuz həqiqət barədədir ki, düzgün şəkildə tanınmalıdır.

O bildirib ki, İmam Əli (ə) cismin vəziyyətini izah edərkən deyir:
«إِنَّمَا الْمَرْءُ فِی الدُّنْیَا غَرَضٌ تَنْتَضِلُ فِیهِ الْمَنَایَا»
“İnsan dünyada həmişə ölüm oxlarının hədəfindədir”. Müxtəlif xəstəliklər, hadisələr və fiziki zəifləmələr cismə yönəlir və nəticədə bədən zəifləyir.

Həzrət Ayətullah Cavadi Amuli əlavə edib ki, insan bədəni hər gün tədrici geriləməyə məruz qalır. Kimsə zahirdə irəlilədiyini və ya uğur qazandığını görə bilər, amma hər keçən gün onun ömründən bir gün azalır və bədəni bir addım daha zəifliyə yaxınlaşır.
O həmçinin vurğulayıb ki, bədən həmişə «ونَهْبٌ تُبادِرُهُ المصائب» “ölüm və müsibətlərlə” üz-üzədir. Müsibətlər cismi hər tərəfdən hədəf alan qəsbkarlara bənzəyir. Bu qəsbkarlıq zaman, məkan, fərdi və ya ictimai faktorlar vasitəsilə baş verə bilər, amma məqsəd həmişə bədənin sağlamlığını azaltmaqdır ki, nəticədə insanın maddi həyatı sona doğru gedir.

Həzrət Ayətullah Cavadi Amuli əlavə edib ki, insan dünyada əldə etdiyi hər bir nemətlə digər bir nemətin itirməsinin şahidi olur. 
«وَلَا یَنَالُ الْعَبْدُ نِعْمَةً إِلَّا بِفِرَاقِ أُخْرَی»
İnsan ya malını itirir, ya da ömrünün bir hissəsini sərf edir və bu maddi həyatın qaçılmaz qanunudur.
O həmçinin İmam Əlinin (ə) bu hədisində istinad edərək deyib:
«فَنَحْنُ أَعْوَانُ الْمَنُونِ وَ أَنْفُسُنَا نَصْبُ الْحُتُوفِ»
“Biz ölümün köməkçiləriyik və həyatımız hər zaman müxtəlif zərərlərin təsiri altındadır”. İnsan şüurlu və ya şüursuz şəkildə öz ölümündə iştirak edir. Hər nəfəs və addım onu ömrünün sonuna bir addım daha yaxınlaşdırır. Cismimiz həmişə ölüm oxlarının və zərərlərin hədəfindədir. Xəstəlik, fiziki zəifləmə, hadisələr və zamanın keçməsi davamlı olaraq bədənin sağlamlığını hədəf alır.

O, İmam Əlinin (ə)  bu ifadəsi ilə sual verib: 
«فَمِنْ أَیْنَ نَرْجُو الْبَقَاءَ»
“Bəs biz maddi həyatdan necə ümid edək?”  vurğulayaraq qeyd edib ki, hər gün insan ömründən bir hissə azalırsa, maddi həyata ümid  etmək hansı mənaya malikdir? Hətta kiminsə ömrü yüz il olsa belə, hər keçən gün bu geriyə dönməyən sərvətin bir hissəsi sərf olunur.

Həzrət Ayətullah Cavadi Amuli əlavə edib ki, insan ömrü boyunca topladığı mal, mövqe və dünya nailiyyətləri sürətlə dağılır və nəticədə insan dünyadan əli boş gedir. Onun başqalarına qalan mirası, istifadə etdiyi ömrün məhsuludur, həqiqi həyatı və varlığı deyil.
O, cism və ruh arasındakı fərqi dəqiq şəkildə vurğulayıb: İnsan ömrünün azalması,  cismin fiziki zəifliyi və yox olması mümkündür, lakin ruh belə deyil. Ruh, ilahi və maddi olmayan bir varlıqdır. Elm, təfəkkür, ibadət və bilik vasitəsilə heç vaxt məhrumiyyət və itki yaşamır, əksinə varlığının zənginliyi daim artır.

Həzrət Ayətullah Cavadi Amuli Ramazan ayına yaxın olan mübarək Rəcəb ayının mənəvi imkanlarına diqqət çəkərək bildirib: İnsan bu ay ərzində heç bir maddiyyat xərcləmədən böyük mənəvi faydalar əldə edə bilər. Çünki ruhun böyüməsi zaman və maddi ömürdən asılı deyil. Dua, Quran tilavəti, münacat və ibadət insanın birbaşa Allah ilə ünsiyyət vasitələridir və bu yolda ruh yalnız zəifləmir, əksinə güc və möhkəmlik qazanır.

Həzrət Ayətullah Cavadi Amuli “Xilafət Allahın rəhbərliyidir” mövzusunu izah edərkən bildirib: İmamət və ümmətin quruluşu üçün əsas vəzifə cəhalətin aradan qaldırılmasıdır və bu, Allahın hakimiyyəti olmadan mümkün deyil. Cəhalətin aradan qaldırılması sahəsi dini təhsil müəssisələri və universitetlər, məscid və hüseyniyyələr üçündür. Lakin cəhalətin tam kökündən kəsilməsi və aradan qaldırılması İmamət və ümmətin, eləcə də Əhli-Beytin (ə) əsas missiyasıdır.

O həmçinin müasir dövrə və dünyada baş verən zülm və qanunsuzluqlara diqqət çəkərək bildirib: Bu günkü zülmlər və sosial, siyasi qanunsuzluqlar bəzən cəhalətdən qaynaqlanmasa da, əslində cəhalətin açıq təzahürüdür. Yalnız Quran, Əhli-Beyt (ə) və Allahın vəhdətinin rəhbərliyi ilə bu vəziyyətdən çıxmaq mümkündür

Sonda həzrət Ayətullah Cavadi Amuli çıxışını belə yekunlaşdırıb: O, İslam dövlətinin həqiqi sahibi olan İmam Zamanın (ə.f) zühuruna qədər bu dövləti qorumasını dua edərək,  Uca Allahdan övliyaların bərəkəti ilə bu ölkə və xalqı öz himayəsində saxlamasını diləyib. Həmçinin ümidvar olduğunu ifadə edərək bildirib ki, vəzifəli şəxslər düşünülmüş qərarlar və tam idarəetmə ilə xalqın problemlərini həll etsin. Tədbirli şəkildə cəmiyyətdə korrupsiya və mənimsəmələrin qarşısını alsın və bu pak və müqəddəs torpağı düzgün idarə etsinlər.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha